Yuxarı

Böyükşor gölündə 2021-ci ilin yazında günəş panelləri quraşdırılacaq

Dinlə

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda Böyükşor gölündə 2021-ci ilin yaz aylarında  fotovoltaik paneldən ibarət sistemin quraşdırılması layihəsi başa çatacaq.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata əsasən, Asiya İnkişaf Bankı (AİB) tərəfindən Energetika Nazirliyinə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin həyata keçirilməsi məsələsinə baxılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.

Hesabatda qeyd edilir ki, İqtisadiyyat Nazirliyinin rəyi əsasında Nazirlər Kabineti tərəfindən layihənin həyata keçirilməsinə icazə verilib. Pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur.

Pilot layihəsinin icrası istiqamətində layihənin məsləhətçi şirkətləri ilə müqavilənin imzalanması başa çatdırılıb, AİB tərəfindən beynəlxalq məsləhətçi şirkət kimi “EQO-NIXUS” və S.L.U şirkətləri, yerli məsləhətçi şirkət kimi “Azerbaijan Energy Engineering and Consulting” MMC seçilib.

2018-ci ildə AİB-nin nümayəndə heyəti ölkəmizdə səfərdə olub, əraziyə baxışlar keçirilib, müvafiq dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, layihə ilə bağlı təlim seminarı təşkil edilib. Aidiyyəti qurumların iştirakı ilə layihənin rəhbər komitəsi yaradılıb. Layihənin icrasının mart 2021-ci il tarixinə qədər başa çatdırılması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi