Yuxarı

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb
© Foto: edu.gov.az

Bakı. 18 dekabr. REPORT.AZ/ Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb.

Təhsil Nazirliyindən “Report”a bildirilib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ümumi təhsilin inkişaf dinamikası infoqrafik məlumatda öz əksini tapır.

Ümumi təhsil üzrə məlumatlarda bildirilib ki, birinci siniflərə qəbulda artım dinamikası müşahidə olunub. 2013-cü ildə bu göstərici 138 min olubsa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb. Son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.5-ə yüksəlib. Cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb. “İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb edilib. PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb. 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar.

2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanılıb, cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.

Son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı Təhsil Nazirliyinin iştirakı ilə DİM tərəfindən yeni qaydalar hazırlanıb. “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb. Ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanılıb. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədi ilə “Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi