"Heydər Əliyevin milli siyasəti" kitabı türk dilində çap olunub

"Heydər Əliyevin milli siyasəti" kitabı türk dilində çap olunub Kitab siyasətçilər, siyasi tədqiqatlarla məşğul olan elmi işçilər, ali məktəb müəllimləri, tələbələr üçün nəzərdə tutulub
Elm və təhsil
6 Sentyabr , 2017 15:21
Heydər Əliyevin milli siyasəti kitabı türk dilində çap olunub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq təşkilatı Azərbaycanın Qırğızstandakı səfiri Hidayət Orucovun "Heydər Əliyevin milli siyasəti" kitabını türk dilində çap edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi bioqrafiyasının az işlənən, lakin olduqca önəmli bir səpkisinin - milli siyasət sahəsindəki fəaliyyətinin araşdırılması və şərhinə həsr edilən monoqrafiya ilk dəfə 2001-ci ildə Azərbaycan və rus, sonralar türk, ingilis, ərəb (iki dəfə), gürcü və qırğız dillərində nəşr olunub.

Bütün nəşrlərdə olduğu kimi, müəllif hər dildə çap olunan kitaba ulu öndərin həmin ölkə ilə münasibətləri haqqında geniş ön söz yazıb. H.Orucov bu nəşrə də “Biz birlikdə güclüyük adlı” ön söz yazaraq Heydər Əliyevin türk dünyası üçün gördüyü əvəzsiz fəaliyyətlərdən bəhs edib. 

Müəllif ön sözdə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolundan bəhs etməklə yanaşı onun keçmiş SSRİ-nin əsas rəhbərlərindən biri, bütün İttifaqda yüksək nüfuza malik olduğunu, dünya şöhrətli siyasi xadim, əvəzsiz dövlət xadimi kimi xarakterizə edib, həmçinin Azərbaycana qayıdışı, dövlətin dirçəlişi və xalqın birliyi üçün gördüyü təkrarolunmaz işlərdən müfəssəl bəhs edib. 

Ulu öndərin TDƏŞ, TÜRKSOY və TÜRKPA kimi türk xalqlarını birləşdirən beynəlxalq təşkilatların yaranması üçün apardığı işlərdən, Azərbaycanın türkdilli dövlətlər ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı yolunda fəaliyyətlərindən, həmçinin bütün türk xalqlarına da xüsusi diqqət və məhəbbətlə yanaşdığını dilə gətirib. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan müəllif vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmir, bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Müəllif ön sözdə ulu öndərin həmçinin Azərbaycançılıq ideyasının gerçəkləşməsində, həyata keçirilməsində, dünya azərbaycanlılarının bir araya gələrək təşkilatlanmasında misilsiz xidmətlərindən ətraflı söz açıb. 

Əsərin fəlsəfi-siyasi publisistika üslubunda səlis və aydın dildə yazılması bütünlükdə xüsusi peşə hazırlığı keçməyənlər üçün çox çətin bir sahənin - milli siyasət sahəsinin problemlərinin geniş oxucu auditoriyası tərəfindən rahat anlaşılmasına imkan yaradır.

Kitab siyasətçilər, siyasi tədqiqatlarla məşğul olan elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. 

Kitab Türkiyənin İstanbul şəhərində, “Günform” nəşriyyat evində çap edilib.

Son xəbərlər

Orphus sistemi