Yuxarı

BDU-da semestr imtahanlarıdır: "Hər dəfə 25-30 tələbə kənarlaşdırılır" - REPORTAJ

BDU-da semestr imtahanlarıdır: "Hər dəfə 25-30 tələbə kənarlaşdırılır"
© Report/Elchin Murad

Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları və KİV rəhbərlərinin iştirakı ilə 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiya imtahanlarına baxış keçirilib.

“Report”un məlumatına görə, imtahan sessiyasına baxış keçirilməzdən öncə rektor Elçin Babayev imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Eyni zamanda tədbirdə iştirak edən KİV rəhbərləri ilə birlikdə fikir mübadiləsi aparılıb. Bir sıra məsələlər müzakirə olunub.

Daha sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar imtahan prosesləri gedən otaqlara yollanıblar.

İlk olaraq 439 saylı auditoriyada reallaşan imtahan prosesinə baxış keçirildi.

Auditoriyaya daxil olan kimi qarşı partada əyləşən tələbələrdən birinin fikirli olduğunu görən rektor:

- Fotoeffekt hadisəsi nəyə deyilir?, – deyə fizika fakültəsinin Optika fənnindən imtahan verən tələbələrindən birinə sual ünvanladı.

Elə təsadüfən imtahan sualları arasında həmin sual düşən xanım tələbə başını qaldıraraq cavablandırmağa başladı:

- İşığın təsiri ilə metaldan elektronların qopması hadisəsinə fotoeffekt deyilir.

Cavabdan sonra sanki ürəklənən tələbə həmin sualı sanki işıq sürətilə də qarşısındakı A4 vərəqinə yazmağa başladı.

Beləliklə, imtahan prosesləri gedən daha 445 saylı və digər auditoriyalarda baş tutan imtahan iştirakçıların nəzarəti ilə davam etdirildi.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar monitorinq otağına baş çəkərək auditoriyalarda keçirilən imtahan prosesini izləyiblər. Monitorinq otağında auditoriyalarda gedən imtahan prosesləri müşahidə kameraları əsasında nümayiş olunur.

Elə bu zaman monitorlardan birində 427-ci auditoriyada imtahan başlanmazdan öncə tələbələrdən birinin divara nələrisə yazdığı müşahidə kameralarının obyektivinə tuş gəldi və həmin tələbə barəsində müvafiq tədbir görüldü.

BDU-nun Tədris prosesinin təşkili və ona nəzarət şöbəsinin müdiri Elçin Məmmədov “Report”a bildirib ki, imtahan prosesi zamanı köçürmə hallarına yol verən tələbə ilk olaraq imtahandan kənarlaşdırılır. Əgər bu hal ikinci dəfə təkrarlanarsa, həmin tələbəyə töhmət verilir. Bu hallar üçüncü dəfə baş verdiyi halda isə həmin tələbənin təhsil müəssisəsindən xaric olunması üçün fakültə dekanlığına müraciət olunur.

Şöbə müdirinin sözlərinə görə, hazırda 4500-ə yaxın tələbə imtahan verir: “Yay imtahan sessiyası başlayandan bu günə qədər imtahan prosesləri zamanı təxminən 400-ə qədər köçürmə halı baş verib. Demək olar ki, hər dəfə 25-30 tələbə imtahan prosesindən kənarlaşdırılıb”.

Qeyd edək ki, imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədi ilə Qərargah yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi