Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinin sinif otağına yağış sularının axması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məktəb binasına baxış keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev sözügedən məktəb binasının mövcud vəziyyəti ilə tanış olublar.
Məlumat verilib ki, məktəbin mövcud binası 1939-cu ildə istifadəyə verilib və hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən də binada tədrisin təşkilində bir sıra çətinliklər yaranıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev "Report"un yerli bürsuna bildirib ki, yaxın vaxtlarda İstisu qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu müddət ərzində şagirdlər öz təhsillərini Xudat şəhər 4 saylı tam orta məktəbində davam etdirəcəklər. Şagirdlərin Xudat şəhərinə gedib gəlməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.