Bakıda keçirilən Təhsilin İnkişafı Forumu çərçivəsində "Biliyi dəyərə çevirən sinerji" adlı panel müzakirə təşkil olunub.
"Report" xəbər verir ki, panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə baş tutub.
Paneldə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda təhsilə investisiya məsələsi ən çox xaricdə təhsillə bağlıdır:
"Ötən il Azərbaycan xaricdə təhsil almaq hüququ qazanmış 500 nəfərdən 168-i dünyanın "Top10" təhsil müəssisəsinə qəbul olub. 300-ə yaxın startap var ki, bunu ancaq tələbələr yaradıb. Onlardan 14-ü kənardan sərmayə cəlb edə bilib. Bu sərmayənin həcmi 8,5 milyon manatdır. Düşünürəm ki, bu məsələdə tamam fərqli nəticələr görəcəyik".
Nazir deyib ki, fundamental elmi tədqiqatların olması vacibdir. O qeyd edib ki, təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə edilməsi çətindir.
“Bəzi insanlara "Siz alim deyilsiniz , sadəcə elmi dərəcəniz var deməliyik. Elmi tədqiqatı olmayan insanlara görə elm geri gedir. Bizdə elmin özü deyil, sadəcə imitasiyası var. Bu insanların şəxsiyyəti ilə deyil, fəaliyyəti ilə bağlı məqamdır".
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə bildirib ki, əvvəlki illərdə peşə təhsili ilə bağlı humanitar sahələrə maraq çox idisə, indiki məqamda texniki-mühəndislik kimi ixtisaslara maraq artıb:
"Hazırda İnnovasiya Fəaliyyəti haqqında qanun layihəsinin təkmilləşdirmə layihəsi hazırlanıb, hökumətə təqdim edilib. Hesab edirəm ki, biz Rəqəmsal iqtisadiyyat sahəsində yenilikləri artırmalıyıq. Bu sahədə dəyişiklikləri qısa müddətdə etmək mümkün deyil. Lakin transformasiyaya hazır olmalıyıq. Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər kəs biliyini daima inkişaf etdirməlidir".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev diqqətə çatdırıb ki, peşə təhsili sahəsində aktiv fəaliyyət həyata keçirilir:
"Təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqə təmin edilməlidir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar arasında fikir ayrılığı yoxdur. 2030-cu ilə qədərki inkişaf strategiyasına əsasən regionlar üzrə 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş Cəbrayılda da peşə hazırlıq mərkəzi tikiləcək. Biz bu sahəyə özəl sektoru da daxil etməliyik".
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə diqqətə çatdırıb ki, Neft Şirkəti 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir:
"Həmçinin, universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır. Elmin prestijinin artırılması önəmlidir".
"Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov isə kosmik sahədə elmin rolunun vacibliyinə toxunub. O qeyd edib ki, məktəbli və gənclərin layihələrinin stimullaşdırılması istiqamətində addımlar atılır:
"Elm və təhsil nazirliyi ilə müzakirələrdə razılaşdırılmış bu layihənin hazırlanması artıq başlayıb. Məsələn, keçən il Ermənistan dövləti orbitə peyk göndərdi. Bizə (Azərkosmosa) dedilər, bəs siz bunu edə bilərsiniz? Qurumun bu sahədə potensialı yüksəkdir. Amma biz düşündük ki, o peyki məktəblilərinin hazırlaya bilər. Nəticə olaraq, gələn il azərbaycanlı məktəblilərin hazırladığı peyk orbitə buraxılacaq".
Panel müzakirələr və sual-cavabla davam edib.
Foto: Samirə Həsənova