Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb.
"Report" xəbər verir ki, festivalın açılışında elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edir.
Qeyd olunub ki, SAF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive” “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında nümayiş olunacaq.
Festivalın final mərhələsində 11 ölkə təmsil olunacaq. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışacaq.
Dekabrın 8-dək davam edəcək SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.