Ramiz Mehdiyev AMEA prezidenti kimi ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA prezidenti kimi ilk görüşünü keçirib Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.
Elm və təhsil
28 Oktyabr , 2019 11:00
Ramiz Mehdiyev AMEA prezidenti kimi ilk görüşünü keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib. 

Akademik Ramiz Mehdiyev hər iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinİlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını bildirib. O qeyd edib ki, iki ölkənin elmi strukturları arasında da 2005 və 2019-cu illərdə imzalanan əməkdaşlıq haqqında sazişlərə əsaslanan geniş tərəfdaşlıq münasibətləri yaranıb və uğurla inkişaf edir. Cari ilin mayında iki qurum arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan akademik bildirib ki, sözügedən sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi layihələrin işlənməsi, həyata keçirilməsi, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların koordinasiyası, birgə elmi tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb və hazırda bu işlər uğurla yerinə yetirilir.

AMEA rəhbəri, həmçinin Akademiya ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında imzalanan digər sazişlərin həyata keçirilməsindən və mühüm nəticələrindən də söz açıb. Son dörd il ərzində müxtəlif elmi istiqamətləri, əsasən də təbiət və texniki elmləri əhatə edən 50-yə yaxın sazişin icrasından danışan akademik əməkdaşlıq çərçivəsində Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemləri, molekulyar biologiya, tibb və farmakologiya, fiziologiya, neft kimyası, informasiya texnologiyaları, nanotexnologiyalar, kosmik tədqiqatlar, ədəbiyyatşünaslıq, tarix, arxeologiya və etnoqrafiya kimi elm sahələrinin prioritet istiqamət olduğunu qeyd edib.

Akademik AMEA alimlərinin REA-nın Geologiya və Yer fizikası institutları, Rusiya Dövlət Neft və Qaz Universitetində fəaliyyət göstərən həmkarları ilə sıx əlaqələrinin səmərəli nəticələr verdiyini vurğulayıb. Ölkə alimlərinin Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı fəaliyyətindən danışan akademik Ramiz Mehdiyev bildirib ki, hər il AMEA-nın alim və gənc mütəxəssisləri həmin müəssisədə qısamüddətli və uzunmüddətli tədqiqatlar aparırlar.

Azərbaycan və Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası arasında mövcud olan qədim dostluq və tərəfdaşlıq ənənələrindən danışan alim həmin ənənələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə AMEA rəhbərinə öz təşəkkürünü bildirən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və alimə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Rusiyalı alim iki ölkə arasında elmi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və Akademiya rəhbərliyinə yüksək təcrübəyə malik dövlət xadimi və görkəmli alimin gəlməyinin bu inkişafa xüsusi stimul verəcəyinə əminliyini bildirib.

“Xəzər dialoqu” layihəsindən söz açan akademik Taliya Xabriyeva bu layihənin təkcə iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar sahələrində deyil, həmçinin ədəbiyyat, sənətşünaslıq, etnoqrafiya, fəlsəfə, arxeologiya və digər humanitar istiqamətlərdə də birgə tədqiqatların təşkilinə təsir edəcəyini bildirib.

Akademik Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq hissi ilə qəbul olunub.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi