Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan gənc alimlərinin I qurultayı başlayıb.
"Report" xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub.
Dövlət başçısının təbrikini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib.
Məktubda deyilir: "Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə elmi nailiyyətlərin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi, çevik innovasiya fəallığı yeni yanaşmanı tələb edir. Mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır.
Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyllərinin müəyyənlik qazanmasına təkan verəcək. Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynayan Azərbaycanın qədim dövr elmi nailiyyətlərinin qorunub saxlanmasında və dünya elm xəzinəsinin daha da zənginləşməsində özünəməxsus yeri var.
Tarixi ənənələrə və müasirliyin davamlı yeniləşdiyi ölkəmizdə elmin prioritetləri dünya elminin hazırki inkişaf tendensiyalarına uyğun olub milli strateji maraqların konseptual şəkildə həllinə yönəldilmişdir. Dinamik yüksəlişimiz xalqımızın elmi potensialından yaradıcılıqla səmərəli istifadənin nəticəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının və ali təhsil müəssisələrimizin fəaliyyəti respublikamızda kreativ düşüncəli və eyni zamanda dəyərlərimizə sadiq gənc alimlər nəslinin formalaşması baxımdan xüsusi əhəmiyyətə malikdir. Müvəffiqiyyətlə gerçəkləşdirilən 2007-2015 -ci illərdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiya istiqamətində atılmış mühüm addımlardandır.
Proqram çərçivəsində beynəlxalq miqyasda tanınmış ali təhsil ocaqlarında təhsil alan gənclərimizin elmdə varislik prinsiplərini davam etdirərək sanballı tədqiqatları ilə ölkəmizin müasir dünya elm məkanında layiqli təmsilçiləri olacaqlarına inanırıq. Gənclərin həyatımızın bütün sahələrində fəal iştirakı və innovativ təşəbbüslərin dəstəklənməsi Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləridir. Dövlətimizin daimi diqqəti və layiqli qayğısı sayəsində gənc alimlərimiz heç şübhəsiz tükənməz enerji ilə çalışacaq, müstəqil Azərbaycanın inkişaf yoluna bundan sonra da töhvələrini verəcəklər. Əminəm ki, qurultayınızda səmərəli fikir mübadiləsi aparılacaq, əhəmiyyətli təkliflər irəli sürüləcək və elmimizin gələcəyi ilə bağlı dolğun fəaliyyət proqramı qəbul olunacaq".