Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb.
"Report"un xəbərinə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə məlumat verib.
O bildirib ki, bu tədqiqat COVID-19-un təsirlərini ölçməyə yönəlib. Nazirin sözlərinə görə, gözlənildiyi kimi qlobal nəticələrdə geriləmə müşahidə edilib:
"Qiymətləndirmədə Azərbaycan da daxil olmaqla 65 ölkə iştirak edib. Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb. Müşahidələr onu deməyə əsas verir ki, COVID-19 təhsilə ciddi təsir edib. 2026-cı ildə növbəti "PİRLS"in nəticələri açıqlananda pandemiyadan sonrakı müddətdə itirdiklərimizi bərpa edib-etmədiyimizi biləcəyik. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".