Səmərqənd şəhərindəki İpək Yolu Beynəlxalq Turizm Universiteti (BTU) tarixi Böyük İpək Yolunun keçdiyi ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələri qəbul edərək onlara təqaüd də ödəyir.
Bunu “Report”a həmin təhsil ocağının Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrilə əməkdaşlıq şöbəsinin müdiri İxtiyar Corayev bildirib.
İndiyədək Azərbaycan Təhsil Nazirliyinin təqdimatı əsasında iki tələbə qəbul etdiklərini qeyd edən universitet rəsmisi gələcəkdə 5 nəfərlik kvotanın tam dolmasını arzuladıqlarını dilə gətirib.
“Xarici tələbələrin təhsil haqları Özbəkistan hökuməti tərəfindən ödənilir. Universitetimizdə təhsil alan azərbaycanlı tələbələr həmçinin 500 dollar həcmində aylıq təqaüdlə də təmin olunacaq”, - deyən İ.Corayev qeyd edib ki, tələbələr həmçinin pulsuz yataqxana ilə də təmin olunacaqlar və 20 dollar həcmində kommunal xərclərdən başqa hər hansı xərc çəkməyəcəklər:
“Beləliklə, təqaüdün qalan hissəsinə asudə vaxtlarını mənalı keçirərək Özbəkistanla tanışlıq səyahətlərinə çıxa bilərlər. Hələlik bu, pilot layihədir, gələcəkdə qrant proqramı daha da genişləndirilə bilər, xarici tələbələr universitetdə bakalavr təhsili də ala biləcəklər”, - şöbə müdiri vurğulayıb.
O, həmçinin BTU-da təhsil alanlar üçün hər hansı yaş məhdudiyyəti olmadığını, sadəcə tədrisin aparıldığı ingilis dilini bilməyin vacib olduğunu qeyd edib.