Bakı. 2 oktyabr. REPORT.AZ/ Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində qeyd olunan saziş üzrə 174 nəfər, o cümlədən 18 nəfər doktorantura (PhD), 134 nəfər magistratura, 22 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən tələbələr əsasən, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərlər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
Qedy edək ki, müvafiq təqaüd proqramı barədə elan bu ilin fevralın 1-də verilib.