"Elmin inkişafı üçün gələcək haqqında xülya qurmaq lazımdır. Bu sahənin qapılarını gənclərə açmaqla onların tədqiqatçılıq bacarıqlarından istifadə etməsini şərait yaratmış olarıq".
“Report” xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sadəcə, 30 il bundan əvvəl insanlar adi havanı proqnoz edə bilirdilərsə, artıq bu gün kosmik havadan söhbət aparmaq mümkündür: "Bu da cəmiyyətin, eləcə də bəşəriyyətin sürətli inkişafından xəbər verir. Belə inkişafla yanaşı, etik dəyərlər, gənclərin fəlsəfi inkişafı və etik davranışı da vacib məsələyə çevrilmiş olur. Bu gün kosmik havadan çox asılıyıq. Bəşəriyyətin bilik baxımından kosmosa çox yaxınlaşdığını tədqiq edirik. Alətlər və kosmik instrumentlər də bundan asılıdır. Maqnit cərəyanların həyata o qədər təsiri var ki, proqnozlar vaxtında müəyyənləşdirilməsə, böyük çətinlik və fəlakətlərlə üzləşə bilərik".