Təhsil adası kimi tanınan Şimali Kiprdə təhsil imkanları dünya standartlarına yüksək səviyyədə cavab verir.
“Report” xəbər verir ki, bunu Şimali Kipr universitetlərinin tanıtımı məqsədilə keçirilən sərgidə çıxışı zamanı Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Şimali Kipr turizm, təhsil və kənd təsərrüfatı adasıdır.
"Ölkəmizə bir çox yerlərdən əcnəbilər gəlir. Din, dil, irq ayrı-seçkiliyi etmədən insanlar təhlükəsiz şəkildə orada işləyə və oxuya bilirlər. Biz azərbaycanlı qardaşlarımızı da aramızda görməkdən məmnunuq. Uzun illər Azərbaycandan çox ciddi sayda tələbələr Şimali Kiprdə təhsil alıb. Bu gün bu say azalsa da, düşünürəm ki, təhsil imkanlarımızı kifayət qədər yaxşı tanıda bilsək, azərbaycanlı tələbələrin yenidən üz tutacağı bir ölkə ola biləcəyik. Düşünürəm ki, ölkəmizdə təhsil alan gənclər öz həyatlarına və akademik inkişaflarına yaxşı mənada töhfə verə bilərlər", - nazir vurğulayıb.