2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə daimiləşmə müsabiqəsində iştirak etmək üçün elektron sənəd qəbulu yekunlaşır.
“Report” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə iştirak üçün elektron sənəd qəbulu martın 7-si saat 23:59-dək davam edəcək. Namizədlər www.miq.edu.az saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə bildiriş şəxsi səhifələrə göndəriləcək.
Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, yanvarın 31-dək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.