Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb

Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb Məhəbbət Vəliyeva: "Məktəblilərin marağı nəzərə alınaraq olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub"
Elm və təhsil
6 Dekabr , 2016 11:47
Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, “İstək” liseyinin direktoru Anar Məmmədov, deputatlar və alimlər iştirak edib.

Tədbirdə ilk olaraq olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində həyata keçirilən olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq məqsədilə təşkil olunub.

Onun sözlərinə görə, olimpiada şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcək.

İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub.

M.Vəliyeva deyib ki, məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagird iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub.

Tədbirin sonunda yüksək nəticələr əldə edən şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

Son xəbərlər

Orphus sistemi