Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin tabeliyinə verilir

Elm və təhsil
  • 20 noyabr, 2026
  • 15:28
Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin tabeliyinə verilir

Kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda da bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir:

"Bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilir. Pilot təcrübə əsasında inteqrasiya prosesinə artıq başlanılıb. Tam inteqrasiya dedikdə isə kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu, həmin müəssisələrdə bakalavriat, magistratura, sertifikat proqramları və digər təhsil imkanlarının vahid sistem çərçivəsində təşkili deməkdir".

Şöbə müdiri qeyd edib ki, eyni zamanda, ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərəcək kolleclərdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması və məzunların əmək bazarına çıxışının təmin edilməsi planlaşdırılır.