Jurnalistlər müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsini izləyiblər

Elm və təhsil
  • 18 avqust, 2021
  • 06:43
Jurnalistlər müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsini izləyiblər

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibənin keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

"Report" xəbər verir ki, KİV nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı müsahibə mərhələsinin gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bu mərhələdə ümumilikdə 4793 namizəd iştirak hüququ qazanıb. Bu gün 700-dən artıq namizədin iştirakı nəzərdə tutulub. Müsabiqə mərhələsi - alman dili, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, fransız dili, ibtidai sinif, informatika, ingilis dili, kimya, musiqi, rus dili, rus dili və ədəbiyyatı, tarix, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilir.

Bu gündən etibarən start verilən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi avqustun 26-dək davam edəcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında müsahibə mərhələsində şəffaflığın təmin olunmasından danışaraq bildirib ki, prosesə 23 komissiya cəlb olunub: "İmtahanda iştirak edənlərin ümumi statistikasına nəzər yetirsək, 85%-dən çoxunun qadın olduğunu görə bilərik. Təxminən 90% nisbətdə Azərbaycan bölməsi üzrə imtahan verənlərin uğur qazandığı müşahidə olunur. Şəhər və kənd məktəblərindən iştirak edənlər isə yarı-yarıya hesablanır".

Xatırladaq ki, müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

44 filmi