Ərdoğanın müavini: Türk dünyasının birliyi geniş coğrafiyada sülhün təmin olunmasına xidmət edir
- 27 fevral, 2026
- 12:26
Türk dünyasının birliyi geniş coğrafiyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən bir düşüncənin davamıdır.
"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Türkiyə türk dünyası ilə bağlı fəaliyyətlərə, qarşılıqlı əlaqələrə və bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verir:
"Biz bu istiqamətdə qətiyyətliyik və hər zaman hazırıq. Bugünkü tədbir qarşıdakı dövr üçün əlavə ruh yüksəkliyi yaradacaq, bizə yeni imkanlar açacaq və əməkdaşlığımızı daha da möhkəmləndirəcək.
Xüsusilə vurğulamaq istərdim ki, siyasi, elmi, eləcə də vətəndaş cəmiyyəti səviyyəsindəki birlik və həmrəyliyimiz dünyanın heç bir ölkəsinə və ya coğrafiyasına qarşı yönəlməyib. Əksinə, bizim birliyimiz geniş coğrafiyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən bir düşüncənin davamıdır".
AKP sədrinin müavini əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 2025-ci il 22 oktyabr tarixli sərəncamı həqiqətən çox qiymətlidir və tarixə düşəcək əhəmiyyətli addımdır.