Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayevin Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşdə "Məktəblər təhsil vermir və biz bunu bilirik" deməsi barədə iddialara münasibət bildirib.
"Report"un məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlərin kontekstdən çıxarıldığını və həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb:
"Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib. Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq".
Qeyd edək ki, görüşlə bağlı yayılan iddialara görə, orada iştirak edən direktorlardan biri mətbuata həmin tədbirlə bağlı məlumat verib. İddia olunub ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevrildiyini deyib: "Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər".