"Əlifba" kitabının müəllifi 94 yaşında vəfat edib

"Əlifba" kitabının müəllifi 94 yaşında vəfat edib "Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov vəfat edib.
Elm və təhsil
1216
13 Avqust , 2021 12:14
Əlifba kitabının müəllifi 94 yaşında vəfat edib
Yəhya Kərimov

"Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov vəfat edib.

"Report" xəbər verir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub, daha sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olub.

Y.Kərimov Qırmızı Əmək Bayrağı ordeninə layiq görülüb.

Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi