Əcnəbilərin Azərbaycanda təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIACAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən platforma vasitəsilə əcnəbilər sistemdə yer alan təhsil müəssisələrinin qəbul üçün təklif etdikləri təhsil proqramlarını seçərək, tələb olunan digər sənədlərlə birgə elektron qaydada ən çoxu 3 ali təhsil müəssisəsinə müraciət edə biləcəklər.
Müvafiq ali təhsil müəssisəsi müraciəti dəyərləndirdikdən sonra elektron qaydada qəbulu həyata keçirə, təhsil haqqını qəbul edə və növbəti kommunikasiyanı elektron kabinet üzərindən davam etdirə biləcək. Hazırda sistemə bütün yerli ali təhsil müəssisələri və əcnəbilər üçün təklif edilən proqramlara dair məlumatlar daxil edilib.
Qeyd edək ki, müvafiq layihə Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4-cü yarımbəndin tələbi üzrə və “Study in Azerbaijan” layihəsinin tərkib hissəsi kimi hazırlanıb.