Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Tərcüməçilər Günü qeyd edilib.
“Report” xəbər verir ki, BSU-da 30 sentyabr - Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan ''Tərcüməçi kadr hazırlığının aktual məsələləri: tədris, təcrübə, karyera'' adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən universitetin Şərqi Avropa dilləri fakültəsinin dekanı Kamran Hacıyev tərcümənin bugünkü əhəmiyyətindən danışıb.
O qeyd edib ki, gələn il 25 illiyini qeyd etməyə hazırlaşan BSU-da təhsil sahəsində innovativ addımlar atılır:
"Bu gün Slavyan Universitetində müxtəlif dillər üzrə yüksək səviyyədə tədris prosesi gedir. Ulu Öndər Heydər Əliyev bu universitetə böyük ümidlər bəslədiyini vurğulamışdı. Biz həmin ümidi doğrultmaq üçün çalışırıq”.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Elm, təhsil və mədəniyyət mərkəzinin direktoru Etimad Başkeçid təkliflə çıxış edərək bildirib ki, universitetdə tərcümə sahəsində xüsusi istedadı olan tələbələrə dəstək verilməlidir.
''BSU həmişə tərcümə sahəsində öndə olub. Hesab edirəm ki, tərcüməçini sonradan yetişdirmək mümkün deyil. Əgər insanın istedadı yoxdursa, dayanmadan öyrətsən də, xeyri olmayacaq. Tələbələri nəzəriyyə ilə yükləmək olmaz. Bu, tədris üçün böyük fəlakətdir. İndi həmin adamlar nə nəzəriyyəçidir, nə də tərcüməçi'', - o əlavə edib.
Tədbirin davamında tərcümə işi və tərcüməçilərin optimal fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.