Bu gün BP və tərəfdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün nəzərdə tutulmuş mühüm bir təlim proqramını başa çatdırıb.
“Report”un məlumatına görə, proqramın əsas məqsədi ibtidai təhsil üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsi idi.
Universitetin İbtidai təhsil fakültəsinin təxminən 140 tələbəsi təlim proqramında iştirak edərək inklüziv təhsilin innovativ metodlarına və xüsusiyyətlərinə yiyələnib. Sonda onlara beynəlxalq sertifikatlar verilib. Proqramın məzmununun əsasını empatiya və hörmət, insanların fərdi xüsusiyyətlərini nəzərə almaqla hər bir şəxs üçün təhlükəsiz, uyğun və məqbul bir mühit yaradılması kimi bacarıqlar təşkil edib.
Proqram “DanceAbility®” adlanan beynəlxalq təlim metoduna əsaslanıb və bu metod universal ünsiyyət üsullarından istifadə etməklə əlilliyi olan insanların müalicəsində və reabilitasiyasında inklüzivliyi əhatə edir. Metodun mahiyyəti hərəkətlərdə harmoniya və koordinasiya əldə etməklə bədii ifadə, improvizasiya, ünsiyyət və özünəinamı təmin edən hərəkətləri öyrətmək və məşq etməkdən ibarətdir. Bu metod əsasən həssas qrup insanların, o cümlədən fiziki və əqli əlilliyi olan şəxslərin - uşaqlar, yeniyetmələr, yaşlılar, müharibə veteranları və digərlərinin təhsil və təlimində istifadə olunur.
Sertifikatların təqdim olunması tədbirində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli hesab edir ki, bu layihə inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılığın artırılması səylərinə mühüm töhfədir.
Onun sözlərinə görə, daha geniş kontekstdə, layihə təkcə təhsildə deyil, bütövlükdə cəmiyyətdə inklüzivlik hissini təşviq etmək məqsədi daşıyır: “Elə bir inklüziv cəmiyyət ki, orada insanlara ədalətli və bərabər münasibət göstərilir, hər bir insan özünü dəyərli hiss edir, xoş qarşılanır və hörmət görür. İnanırıq ki, bu hissi və bu mədəniyyəti kiçik yaşlardan aşılamaq vacibdir və məhz buna görə də diqqətimizi ibtidai siniflərə yönəltməyə qərar verdik”.
Yeddi aylıq (oktyabr 2023 – may 2024) layihənin ümumi dəyəri təxminən 78 min manat və ya 45 900 ABŞ dolları təşkil edib.