Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda bir semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar. "Report" xəbər verir ki, bu barədə Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.
Məktəbdə hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Məktəbdə düzgün qurulan beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub. Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər.
Elmar Qasımov deyib ki, bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft Məktəbinə qayıdacaqlar: "Bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya olacaq. Yarandığı qısa dövr ərzində ilk dəfədir ki, Ali Məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir. Bundan sonra BANM-in tələbələri hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcək və bu ənənəvi olaraq davam etdiriləcək".
Rektor tələbələrin yüksək təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri Ali Məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə tutacaqlarından əminliyini bildirib.
Tələbələr Aidə Soltanova və Kamran Əliyev çıxış edərək, həm rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər. Onlar bu uğurun qazanılmasında BANM-in müasir biliklərə malik savadlı müəllimlərinin böyük xidməti olduğunu deyiblər.
Tələbələrin valideynləri də prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətin təhsilə qayğısından söz açıblar, həmçinin yaradılan bu imkana görə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevə və BANM-in rektoru Elmar Qasımova, o cümlədən BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. Tələbələrin beynəlxalq nəqliyyat, eləcə də Heriot-Vatt Universitetində qaldıqları müddətdə yaşayış və təhsil xərcləri Bakı Ali Neft Məktəbi tərəfindən ödəniləcək. Tələbələrə bir semestr boyu BANM tərəfindən aylıq vəsait də ödəniləcək. Tələbələr mayın 22-nə qədər Böyük Britaniyada olacaqlar.