Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.
"Report" xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq BŞTİ-nin 2023-2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Elm və təhsil naziri Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.
Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.
BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023-2024-cü tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.
N.Hüseynova növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.
N.Hüseynova bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Konfrans panel müzakirələrlə davam edib.
Panel müzakirələrdə konfrans iştirakçılarının fikirləri dinlənilib, qonaqların, ekspertlərin təklif və tövsiyələrinə yer verilib, suallar cavablandırılıb.
Daha sonra Bakı şəhəri 113 nömrəli tam orta məktəbin məzunu, Qarabağ Universitetinin tələbəsi Əli Məmmədzadə çıxış edərək öz uğur hekayəsindən danışıb, qarşıya qoyduğu məqsədlərdən söz açıb.
Foto: Məhəmməd Ağayev