Azərbaycanlı pedaqoqlar ABŞ-da qatıldıqları təhsil proqramını uğurla tamamlayıblar

Azərbaycanlı pedaqoqlar ABŞ-da qatıldıqları təhsil proqramını uğurla tamamlayıblar ABŞ-da ADA Universitetinin “Bir Müəllimin Manifesti” adlı təhsil proqramının bağlanışına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.
Elm və təhsil
15 Aprel , 2023 06:16
Azərbaycanlı pedaqoqlar ABŞ-da qatıldıqları təhsil proqramını uğurla tamamlayıblar

ABŞ-da ADA Universitetinin “Bir Müəllimin Manifesti” adlı təhsil proqramının bağlanışına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edib.

Səfir pedaqoqları uğurla tamamladıqları təhsil proqramı münasibəti ilə təbrik edib. O, bildirib ki, müəllim hər bir cəmiyyətin əsas memarıdır və onların ərsəyə gətirdiyi əsərlər sayəsində ölkələr, xalqlar varlıqlarını inşa edir:

“Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən yeniliklər, azərbaycanlı müəllimlərin dünya təcrübəsi ilə tanış olması üçün reallaşdırılan layihələr təhsilin keyfiyyətinə birbaşa təsir edib. Elə bunun nəticəsidir ki, ölkəmizdə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır. Sizlər bunun ən parlaq nümunəsisiniz. Sevinirik ki, ölkəmizin hüdudlarından çox uzaqlarda, Birləşmiş Ştatlarda qazandığınız təcrübələri öz peşə fəaliyyətinizdə tətbiq etməklə daha parlaq nəsillər yetişdirəcəksiniz”.

Mərasimdə ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd çıxış edərək ötən müddət ərzində proqrama qatılan pedaqoqların qazandığı uğurlardan danışıb.

Bildirib ki, proqramın məqsədi dünyanın qabaqcıl təhsil ocaqlarının olduğu ABŞ-ın təcrübəsindən yararlanaraq Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək, pedaqoqların özünə inamını artırmaq, müəllimlər və direktorlar arasında təhsildə liderlik üçün tərəfdaşlığı gücləndirməkdir. Q. Məmməd ənənəvi təhsil proqramının gələcəkdə də davam etdiriləcəyini deyib.

Tədbirin sonunda təhsil proqramını uğurla başa vuran Azərbaycanın müxtəlif bölgələrindən olan 26 pedaqoqa sertifikatlar və simvolik “Oskar” mükafatı təqdim olunub. Sonda səfir ilə pedaqoqlar xatirə şəkili çəkdiriblər.

Qeyd edək ki, ADA Universitetinin Vaşinqton mərkəzinin reallaşdırdığı ənənəvi layihə yeddi həftə ərzində davam edib.

Son xəbərlər

Orphus sistemi