ADA Universitetində Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Azərbaycanın gənc qurucuları” adlı ilk layihə əsaslı öyrənmə olimpiadasının final mərasimi keçirilib.
“Report” xəbər verir ki, “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında keçirilən olimpiadada Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın 37 şəhər və rayonundan 5-7 nəfərdən ibarət komandalar şəklində ümumilikdə 735 şagird işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində hazırladıqları layihələri təqdim ediblər.
Olimpiada iştirakçılarını və qonaqları salamlayan ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Vəfa Kazdal layihənin əhəmiyyətini vurğulayarkən onun ərsəyə gəlməsində ADA Qazax Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib.
Olimpiadanın regional layihə olduğunu söyləyən prorektor bu təşəbbüsün 40-dək rayonu təmsil edən 235 komandadan 800-ə yaxın şagirdi bir araya gətirdiyini ifadə edib. Əlavə edib ki, həmin layihələrdən 105-i müsabiqədə iştiraka haqq qazanıb.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Qarabağın bərpası ilə bağlı hər bir layihənin son dərəcə böyük əhəmiyyət kəsb etdiyini və bu prosesə xüsusilə də məktəblilərin maraq göstərməsinin sevindirici hal olduğunu qeyd edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesindən bəhs edərkən bildirib ki, Zəngilan, Tərtər və Laçına köçürülənlər arasında bu olimpiadada iştirak edənlərlə eyni yaşda olan məktəblilər də yer alıblar və onlar özləri quruculuq prosesinin canlı şahidləridirlər. Çıxışçı əlavə edib ki, bu olimpiadada iştirak edən məktəblilərin irəli sürdüyü layihələrin əksəriyyəti dövlətimiz tərəfindən müəyyənləşdirilən strateji sahələri əhatə edirlər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev şagirdlərin təqdim etdiyi innovativ ideyalarla bağlı fikirlərini bölüşüb və Fondun işğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edəcəyini ifadə edib. Qarabağın inkişafının daimi prosesə çevrilməsinin və bunun yüksək templə icra edilməsinin vacibliyini vurğulayan R.Hacıyev Qarabağın Azərbaycanın innovasiya poliqonuna çevriləcəyini və bu inkişafın mərkəzində isə ağıllı insan amilinin durduğunu qeyd edib.
Daha sonra olimpiada layihəsinin meneceri Samirə Ağayeva və ADA Qazax Mərkəzinin Aparıcı məsləhətçisi Natiq Məmmədli layihənin yekunlarına dair çıxış ediblər.
Final mərhələsinə vəsiqə qazanan 5 komanda layihəsinin video xülasəsi təqdim etdikdən sonra qaliblərin adları açıqlanıb, onlara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Birinci yerə Şəki şəhər Kimya təmayüllü liseyin “Çapar”, ikinci yerə Yevlax şəhəri Səməd Vurğun adına məktəbin “Fi”, üçüncü yerə Laçının Taxtakörpü qəsəbə tam orta məktəbinin “Qayıdış”, dördüncü yerə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəbin “Qarabağnamə” və beşinci yerə isə Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü məktəbin “Ultimate” layihələri layiq görülüblər.
Sonda məktəblilər üçün ADA Universitetində kampus turu təşkil edilib.
Qeyd edək ki, “Azərbaycanın gənc qurucuları” olimpiadasının məqsədi şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onları Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır.