Azərbaycanda daha bir məktəb uçmaq təhlükəsi ilə üz-üzədir

Azərbaycanda daha bir məktəb uçmaq təhlükəsi ilə üz-üzədir Cəlilabad rayonunun Kövüzbulaq kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.
Elm və təhsil
21 Aprel , 2022 16:56
Azərbaycanda daha bir məktəb uçmaq təhlükəsi ilə üz-üzədir

Cəlilabad rayonunun Kövüzbulaq kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, övladları məktəbdən evə gəlincəyə qədər onlar narahat olurlar: "Allaha yalvarırıq ki, övladımız dərsə gedən günü belə qəzalı məktəbdən sağ-salamat qayıtsın evimizə. Məktəbin zirzəmisi tamamilə su ilə doludur. Məktəb daş panellərlə tikilib. O panellər də demək olar ki, hamısı ayrılıb bir-birindən".

Valideynlər deyir ki, məktəbin dam örtüyü də bərbad vəziyyətdədir:"Tədris müəssisəsinin pəncərələrinin şüşələri də tökülüb. Belə yerdə şagirdlərin təhsil alması çox çətindir".

Məktəbin direktoru Cahangir Əliyev "Report"un yerli bürosuna bildirib ki, qəzalı vəziyətdə olan məktəb üçün yeni binanın inşası gözlənilir:

"Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara məlumat vermişik. Problemin həlli üçün mektəbin yeni inzibati binasının inşası lazımdır. Kənddə tədris üçün uyğun yer olmadığından hələlik şagirdlər qəzalı vəziyyətdə olan məktəbdə təhsil alırlar. Hazırda məktəbdə tədris prosesi davam edir. Məktəbin qəzalı vəziyyətdə olması şagirdlərin dərsə davamiyyətinə təsir etmir. Düzdür, təkcə valideynlər yox, şagirdlər məktəbə gələndən sağ-salamat evlərinə gedənə qədər bütün pedoqoji kollektiv narahat olur. Lakin yeni məktəb binasının inşasına qədər tədrisi dayandırmaq da olmaz".

Son xəbərlər

Orphus sistemi