Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı beynəlxalq konfrans keçirilib

Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı beynəlxalq konfrans keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Elm və təhsil
13 İyun , 2023 13:28
Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı  beynəlxalq konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

"Report" xəbər verir ki, AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın nüfuzlu dövlət qurumlarının rəsmiləri, eləcə də özəl qurumlardan, ali təhsil ocaqlarından nümayəndələr, Türkiyə, Rusiya, Ukrayna, Makedoniyanın qabaqcıl universitetlərindən elm adamları qatılıb.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı ilə bağlı tədqiqatlara töhfə verəcəyini vurğulayıb. Konfransın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafını, iqtisadi potensialının qiymətləndirilməsini, Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial, mədəni həyatına qovuşmasını hədəflədiyini deyib. Bu baxımdan konfransın əhəmiyyətini diqqətə çatdırıb, gələcək hədəflər və istiqamətlər üzrə mənbə formalaşdıracağını söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri professor Elşən Hacızadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti professor Məmməd Musayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də çıxış edərək konfransın işğaldan azad olmuş ərazilərin iqtisadiyyatında əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Çıxışlardan sonra plenar iclasın məruzələri dinlənilib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə “Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonlarının iqtisadi sosial inkişafı: dünən, bu gün və perspektivlər”, Rusiya Federasiyasının Cənub Universitetinin rektoru professor İmran Əkbərov “Rəqəmsal şüur – ərazinin reinteqrasiyasında insan kapitalı amili”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı “Böyük qayıdış: Strategiya və icra”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli “Qarabağın müqayisəli iqtisadi üstünlükləri” mövzularında məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq konfrans 5 bölmədə 2 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi