Təhsil Nazirliyi 2021-2022-ci tədris ilində işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlayıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub.
Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırlanıb, layihələndirmə işlərinə başlanıb.
Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb, ilin sonunda təhvil verilməsi nəzərdə tutulub.
Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi nəzərdə tutulur. Bu rayon üzrə 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin də təməli qoyulub.
Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Həmçinin 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur.
Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.