2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutundan bildirilib.
Qeyd olunub ki, 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir.
Bildirilib ki, IELS tədqiqatı 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.
Ölkədə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3 000 uşağın iştirak edəcəyi gözlənilir.