Abşeron Milli Parkında Xəzər festivalı keçirilib

Abşeron Milli Parkında Xəzər festivalı keçirilib “Ümumdünya Dəniz Günü” ilə əlaqədar "Xəzər həftəsi" çərçivəsində Abşeron Milli Parkında “Xəzər festivalı” keçirilib.
Ekologiya
28 Sentyabr , 2024 14:35
 Abşeron Milli Parkında Xəzər festivalı keçirilib

“Ümumdünya Dəniz Günü” ilə əlaqədar "Xəzər həftəsi" çərçivəsində Abşeron Milli Parkında Xəzər festivalı keçirilib.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda nazirliyin rəsmiləri, diplomatik korpus nümayəndələri -
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Slobodan Tadic, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma və milli parka gələn turistlər iştirak edib.

Festivalda açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, 1978-ci ildən etibarən hər il dünyada Ümumdünya Dəniz Günü kimi qeyd olunur: "Azərbaycanda artıq sentyabrın sonuncu həftəsi Xəzər həftəsi kimi qeyd edilir və tərəfimizdən müxtəlif tədbirlər keçirilir. Bu il isə "Xəzər festivalı"nı Xəzər həftəsi çərçivəsində Abşeron Milli Parkında müxtəlif tədbirlər həyata keçirilir".

FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib ki, dəniz həyatı ətraf mühit üçün önəm kəsb edir: "Bizim hər birimiz bilirik ki, Xəzər dənizi uzun bir zamandır ki, çoxları üçün həyat mənbəyi olub. Bu dəniz bizim ortaq sərvətimizdir. Hər birimizin həyatının mənbəyidir. Bu il Azərbaycan və bütün dünya üçün çox mühümdür, çünki COP29 Azərbaycanda keçiriləcək".

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Slobodan Tadic deyib ki, “Xəzər festivalı"nda iştirak etməkdən məmnunluq duyur: "Mən bunu qeyd etməliyəm ki, BMT-nin İnkişaf Proqramı enerji və ətraf mühit sahələrində son dərəcə fəaldır. Ətraf mühit və enerji sahələrini əhatə edən bir çox tədbirlər keçirmişik. Lakin bütün bu tədbirlər bugünkü kimi festivallarda da təmsil olunmalıdır. Bu gün burada hər kəs, hətta uşaqlar da sahib olduğumuz təbii resursların varlığını qeyd edir, elə Xəzər dənizi bunlardan biridir. Bu il Bakıda keçiriləcək COP29 yalnız Azərbaycan üçün yox, bütün dünya üçün mühümdür. Biz bu tədbirə töhfə verməyə, öz təcrübəmizi bölüşməyə çox şadıq".

Festival çərçivəsində Xəzər dənizinə həsr olunan dəyirmi masa keçirilib, müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə mütəxəssislər dəyirmi masada iştirak edib. Gənc rəssamlar Xəzər dənizi ilə bağlı rəsmlər ərsəyə gətiriblər. Parkı ziyarət edən turistlər festivalda təşkil olunan maarifləndirici guşələrlə yaxın tanış olublar, gənc rəssamların stendlərini maraqla izləyiblər. Festivalda həmçinin veloyürüş keçirilib, yoqa, canlı musiqi, uşaqlar üçün Xəzərin eko-sistemi ilə bağlı təlimlər təşkil olunub.

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi