IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması layihəsi çərçivəsində Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası doğulub.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla da reintroduksiya edilmiş nəcib maralların sayı təbii artımla birlikdə 8 başa çatıb.
"Hazırda bala və ananın vəziyyəti yaxşıdır, onlar yırtıcılardan mühafizə məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində qapalı volyer şəraitində saxlanılır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş nəcib maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, Talış dağlarının meşələrində, həmçinin Kür və Araz çaylarının Tuqay meşələrində yaşayıb. Hazırda nəcib maral populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir.