Şabranda artezian quyuları zibilliyə çevrilib, içməli su bulaqları quruyub

Şabranda artezian quyuları zibilliyə çevrilib, içməli su bulaqları quruyub Şabran rayonunun Ağalıq kəndində 3 minə yaxın sakinin istifadə etdiyi içməli su bulaqları quruyub və bulaqlar zibilliyə çevrilib.
Ekologiya
7 Dekabr , 2022 15:54
Şabranda artezian quyuları zibilliyə çevrilib, içməli su bulaqları quruyub

Şabran rayonunun Ağalıq kəndini içməli su ilə təmin edən bulaqlar quruyub və ərazi zibilliyə çevrilib.

Bu barədə "Report”un Şimal bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bir zamanlar minlərlə əhalinin içməli su mənbəyi olan bulaqlar indi çirklənib, ərazi məişət tullantılarının atıldığı məkana çevrilib və burada antisanitariya şəraiti hökm sürməyə başlayıb.

Su bulaqları quruduğundan əhali suyu qonşu kəndlərdən və digər uzaq mənbələrdən gətirməli olurlar ki, bu da bir sıra çətinliklər yaradır.

Sakinlər deyir ki, əvvəllər içməli suları təmiz və çox keyfiyyətli olub. Amma indi elə bir vəziyyətlə üzləşiblər ki, mikroblu və çirkablı sudan istifadə etməyə qorxurlar. Çünki bulaqlar məişət tullantıların atıldığı zibilliyə çevrilib.

Bulaqlarda su azaldığından 2019-cu ildə burada qazıntı-genişləndirmə işləri aparılıb, amma bu isə suyun tam kəsilməsinə səbəb olub. Sakinlər bildirib ki, ötən müddət ərzində içməli su üçün uzun məsafələr qət etməli olurlar.

Onların sözlərinə görə, paytaxtı içməli su ilə təmin edən Şollar su kəməri də məhz bu kənddən keçir. Ona görə də həm Şollar su kəməri, həm də yeni artezian quyusu vasitəsilə Ağalıq kəndini içməli su ilə təmin etmək mümkündür.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Natiq Musayev "Report"un yerli bürosuna bildirib ki, quraqlıqla bağlı bulaqların suyu çəkilir. Onun sözlərinə görə, hazırkı vəziyyətdə bulaqların bərpası mümkün deyil: "Bələdiyyə tərəfindən bərpa üçün bir neçə dəfə cəhd edilsə də, problemin həllinə nail olunmayıb. Dövlət proqramında yeni artezian quyularının tikilməsi nəzərdə tutulub. Ağalıq kəndi də, yeni artezian quyuları vurulacaq yaşayış məntəqələrinin siyahısına salınıb və yaxın gələcəkdə əhali içməli su ilə təmin ediləcək".

Zibillik probleminə gəldikdə isə, bələdiyyə sədri vurğulayıb ki, sözügedən ərazidə bir neçə zibil quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. Onun sözlərinə görə, sakinlər məişət tullantılarını zibil quyularına atmaq əvəzinə əraziyə tullayırlar.

Son xəbərlər

Orphus sistemi