Məlumatda qeyd olunub ki, qanun pozucularından 6 qayıq, 70 tor, nərəkimilərin ovunda istifadə edilən 7000 ədəd qadağan edilmiş ov aləti və 740 müxtəlif növ balıq götürülüb. 7 iş rayon məhkəmələrinə, 13 iş hüquq-mühafizə orqanlarına göndərilib, 14 işə inzibati qaydada departament tərəfindən baxılıb, bioloji resurslara vurulmuş ziyanla bağlı 39 387 manat məbləğində iddia tətbiq edilib: "Ümumilikdə ölkədə bu istiqamətdə xeyli iş görülsə də, bu, yetərli deyil. Eyni zamanda digər Xəzəryanı dövlətlərdən Azərbaycana müxtəlif yollarla nərəkimilərin gətirilməsi və satışı faktdır. Belə ki, bu il oktyabrın 17-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayon sərhəd dəstəsinin əməkdaşları tərəfindən qanunsuz yolla ölkəmizə keçirilən 19 ədəd müxtəlif növ nərəkimilərin, bir neçə gün əvvəl isə Azərbaycan-Rusiya sərhədində Dağıstanın gömrük əməkdaşları tərəfindən Rusiyadan Azərbaycana 300 kq nərəcinsli balıqların keçirilməsinin qarşısı alınıb. Bu faktlar xarici ölkələrdən gətirilən nərəkimilərin ölkənin daxili bazarlarında əsas yer tutduğu barədə fikir söyləməyə əsas verir".
Məlumatda həmçinin vurğulanıb ki, Yer kürəsində nərəkimilərin 80-85 faizinin məskunlaşdığı Xəzər dənizində obyektiv və subyektiv səbəblərdən bu növ balıqların kəskin azalması müşahidə edilir və bunun qarşısının alınması məqsədilə Türkmənistan istisna olmaqla, digər Xəzəryanı ölkələrdə süni nərə balıqartırma zavodları fəaliyyət göstərir: "Təkcə Azərbaycanda 2014-cü ilin 9 ayı ərzində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 6.7 milyon ədəd, qızılbalıq 176,5 min ədəd, çəkikimilər 381,85 milyon ədəd (ağ amur), bitki ilə qidalanan 4,7 milyon ədəd süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılıb. Ümumiyyətlə, Xəzəryanı dövlətlərin hökumət və dövlət başçılarının ümumi razılığına əsasən, Xəzər dənizində sənaye üsulu ilə balıq ovuna 2010-cu ildən etibarən qadağa qoyulsa da, qanunsuz balıq ovlanması halları qeydə alınıb və ETSN tərəfindən bununla bağlı qanunauyğun tədbirlər görülüb".