Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu ilin sonuna qədər ölkə ərazisində 5 milyon ağacın əkilməsinin planlaşdırıldığını bildirib.
“Report” xəbər verir ki, bunu o, “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə fevralın 14-də keçirilən ağacəkmə aksiyasında deyib.
Nazir müavini Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından sonra kütləvi ağacəkmə aksiyalarına başlanıldığını vurğulayıb:
“Artıq fevral ayının əvvəllərindən başlayaraq həm Abşeron yarımadasında, həm də ölkəmizin digər ərazilərində bu cür ağacəkmə aksiyalarının keçirilməsinə start verilib. Bu aksiyalarda təkcə ETSN və onun yerli qurumları deyil, həmçinin aidiyyəti dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının da iştirakı təmin olunur. Bu gün isə aksiyanı “Global Media Group”un əməkdaşları, KİV nümayəndələri ilə birgə keçiririk. Bilirsiniz ki, Abşeron yarımadası səhra və yarımsəhra landşaftına malik bir ərazidir".
V.Kərimov bildirib ki, yarımadada ağac və kol tinglərinin əkilməsi böyük əmək tutumlu və xüsusi qulluğa ehtiyacı olan işlərdir: “Müşfiqabadda 2022-ci ildən əkin işləri aparılır. Artıq 200 hektardan çox ərazidə yerli iqlim şəraitinə yaxşı uyğunlaşan zeytun və şam cinslərinə aid tinglər əkilib. Bu aksiya il ərzində davam etdiriləcək. Bu ərazilər damcı suvarma sistemləri ilə təchiz edilib. Abşeron yarımadasında əkilən ağacların 95 faizdən çoxu tutub. Hədəfimiz il sonuna kimi ölkə ərazisində 5 milyona yaxın ağacın əkilməsidir”.