Ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən qurumuş Eldar şamlarının yerində yeni meşə salınır.
Bu fikirləri “Report”un Yevlaxa ezam olunan əməkdaşına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov bildirib.
C.Qəribov xatırladıb ki, ərazidəki Eldar şamından ibarət meşə zolağı keçən əsrin ikinci yarısında salınıb: “Hazırda biz Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyindəyik. Burada ötən əsrin 60-70-ci illərində yolun həm sağ, həm də sol tərəfində Eldar şamı cinsindən ibarət meşə zolağı salınıb”.
Nazirlik rəsmisi meşə zolağındakı ağacların quruma səbəbinə də aydınlıq gətirib:
“Son illər ərzində buradakı ağacların ziyanvericilərin təsirinə məruz qalmaları və müxtəlif xəstəliklərə yoluxmaları müşahidə edilib. Bu hallara qarşı müəyyən profilaktik tədbirlərin görülməsinə baxmayaraq, ərazidə kütləvi yoluxma daha da genişlənib və Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub. Xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq ərazidən götürülüb”.
“Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri davam etdirilir, qurumuş ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli iqlim şəraitinə uyğun ağaclar əkilərək yeni meşə zolağı salınacaq”, - deyə o bildirib.
Qeyd edək ki, sözügedən ərazidə əkilən Eldar şamından ibarət 12 hektarlıq meşə ərazisinin 8 hektarı tamamilə quruyaraq məhv olub.