Bakı. 1 mart. REPORT.AZ/ "Bu ay havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək".
Bunu “Report”a açıqlamasında
Onun sözlərinə görə, bu ay hava dəyişkən olacaq: "Mart ayının səciyyəvi cəhəti şimal və cənub-qərb istiqamətli küləklərin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq. Biz bu halda 100 faiz səhv etmərik. Ümumiyyətlə, mart ayının dəyişkənliyi kimi, stabil heç nə yoxdur. Bu da mülayim enliklərdə siklon və antisiklonlarin aktivləşməsi ilə bağlıdır. Tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır. O cümlədən səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə, transformasiya olunmasına səbəb olur. Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq göstərir. Xoş, günəşli, mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu, mart ayında da istisna olmayacaq".
"Səhər evdən çıxanda mülayim hava şəraiti insanları aldatmasın, çünki hava gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər. Çoxillik məlumatlara görə axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub", - deyə o qeyd edib.
U.Tağıyeva vurğulayıb ki, martda havanın ən yüksək temperaturu 2008-ci ildə martın 26-da 31 dərəcə müşahidə edilib: "Bu, əsl yay temperaturu idi. 2014-cü ildə martın 29-dan 30-na olan tarixdə isə havanın temperaturu kəskin dəyişmiş, 13-18 dərəcə enmiş və Bakıda cəmi 0-9 dərəcə olmuşdur. Belə sürprizlər mart ayı üçün nadir hadisə deyil".