Sentyabrın 1-dən Azərbaycanda avtomobil sahibləri köhnə maşınlarını utilizasiyaya verə biləcəklər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.
"Əvəzində vətəndaşlar nəqliyyat vasitələrinin utilizasiyası fondunda formalaşmış vəsait hesabına qaydalarda nəzərdə tutulmuş məbləğdə ödəniş əldə edəcəklər. Kimsə yerli istehsala aid yeni nəqliyyat vasitəsi alarsa ödəniş tam, başqa məqsədlər üçün utilizasiyaya müraciət edərsə ödəniş 70 % həyata keçiriləcək. Bu xarici nəqliyyat vasitəsi alınması daxil olmaqla müxtəlif məqsədlər ola bilər", - deyə o qeyd edib.
Nazirlik rəsmisi qeyd edib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitləri təkcə ölkəyə idxal olunan maşınların hesabına yox, həm də digər mənbələrdən formalaşa bilər: "Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə qanun yeni qəbul edilib. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə və rəqəmlərə təkrarən baxıla bilinər".
"Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək", - deyə o əlavə edib.