Azərbaycan hava ilə bağlı erkən xəbərdarlıq sisteminə keçir - Milli Hidrometeorologiya Xidmətindən REPORTAJ

Azərbaycan hava ilə bağlı erkən xəbərdarlıq sisteminə keçir - Milli Hidrometeorologiya Xidmətindən REPORTAJ Gündəlik, hətta saatlıq hava proqnozlarının dəqiq olması təkcə əhali üçün yox, iqtisadiyyat üçün də önəmlidir. Bu gün texnologiya insanların müdaxilə edə bilmədiyi təbiət hadisələrini proqnozlaşdırmağa imkan verir. Hazırda günlük, həftəlik, aylıq hava pro
Ekologiya
23 Mart , 2024 11:50
Azərbaycan hava ilə bağlı erkən xəbərdarlıq sisteminə keçir - Milli Hidrometeorologiya Xidmətindən REPORTAJ

1961-ci ildən etibarən hər il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya Meteorologiya Günü qeyd edilir. Həmin gün meteoroloq kimi maraqlı və kifayət qədər mürəkkəb bir peşəni seçmiş insanlara minnətdarlıq əlaməti olaraq təşkil edilib. Planetimizin gələcəyi isə belə çətin fəaliyyət sahəsinin inkişafından çox asılıdır. Hava proqnozlarının dəqiq olması tək əhali üçün yox, iqtisadiyyat üçün də önəmlidir.

Bu gün texnologiya insanların müdaxilə edə bilmədiyi təbiət hadisələrini proqnozlaşdırmağa imkan verir. Hazırda günlük, həftəlik, aylıq hava proqnozları hazırlamaq mümkündür. Prosesin necə tənzimləndiyini öyrənmək üçün Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində olduq.

Burada hava proqnozunun hazırlanması, emalı və cəmiyyətə ötürülməsində 70-dən çox işçi çalışır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verdi ki, işğaldan azad olunmuş ərazilərdə müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması tədbirləri davam etdirilir.

"2022-ci ildə "İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində beş dəst bütün lazımi sensorlarla təchiz olunmuş yeni nəsil avtomat meteoroloji stansiyalar Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli və Şuşa şəhərlərində quraşdırılıb. Bu stansiyalar ərazinin meteoroloji şəraitini öyrənməyə, buludluluq, görünüş məsafəsi, havanın və torpağın temperaturu, rütubəti, yağıntı, küləyin sürəti və istiqaməti və s. meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan verir. İstifadədə olan bütün avtomat stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində vizuallaşır. Dövlət proqramı çərçivəsində bu il də işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Şuşa şəhərində bir dəst dopler radar sisteminin, həmçinin 2025-ci ildə Laçın, Qubadlı, Ağdərə, Xocavənd rayonlarında, eləcə də Xankəndi şəhərində daha beş ədəd müasir standartlara cavab verən avtomat meteoroloji stansiyaların da quraşdırılması planlaşdırılıb. Bundan başqa, Füzuli rayonu ərazisində cari ildə yeni aeroloji stansiyanın quraşdırılmasına hazırlaşırıq. Ümumilikdə isə ölkə üzrə 2019-2023-cü illər ərzində müasir standartlara cavab verən iki dəst dopler radar, dörd dəst dəniz hidrometeoroloji və 40 ədəd avtomat hidroloji, həmçinin 17 ədəd avtomat meteoroloji stansiyalar qurulub", - N.Mahmudov qeyd edib.

Nazim Mahmudov
Nazim Mahmudov

Xidməti rəisi əlavə edib ki, Azərbaycanda hava proqnozu ilə bağlı mobil tətbiq layihəsi də bu ilin ortalarınadək icra ediləcək, əhali hava haqqında məlumatları telefonlarda quraşdırılmış tətbiqlər vasitəsilə öncədən öyrənə biləcəklər:

“Sözügedən tətbiq vasitəsilə əhaliyə hava hadisələri barədə xəbərdarlıqlar daha öncədən bildiriləcək. Hazırda hava hadisəsinin hansı bölgədə baş verməsi haqqında məlumat veririk, lakin yeni sistem imkan yaradır ki, əhalini konkret hansı ərazidə dolu, leysan, şimşək, sel və daşqın hadisələri olacağını əvvəlcədən məlumatlandıra bilək. Eyni zamanda, Şuşada quraşdırılması nəzərdə tutulan radar sistemi vasitəsilə Qarabağ ərazisində də baş verəcək hidrometeoroloji hadisələr Situasiya Mərkəzində vizullaşacaq”.

Hidrometeoroloji şəbəkələr işğaldan azad edilən ərazilərdə də avtomatlaşdırılır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 11 hidroloji stansiya artıq bərpa olunub. Bunlar Araz, Bərgüşad, Tərtərçay, Oxçuçay, Həkəriçay, Tutqunçay, Zabux, Quruçay, Bəsitçay, Köndələnçay çayları üzərində hidroloji avtomatik sensorlar quraşdırılıb. 4 transsərhəd çay - Araz, Bərgüşad, Bəsitçay, Oxçuçay üzərində isə keyfiyyət sensorları yerləşdirilib. Bu sensorlar vasitəsilə suyun kəmiyyət və keyfiyyət göstəriciləri izlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova dedi ki, 2023-cü ilin dekabrında Xankəndidə aqrometeoroloji stansiyasının öz tarixi yerində fəaliyyəti bərpa edilib. Bununla torpağın vəziyyəti, havanın temperaturu, rütubəti, təzyiqi, küləyin istiqaməti və digər meteoroloji parametrlər müəyyən edilir.

Gülnarə Abbasova
Gülnarə Abbasova

Azərbaycan hava ilə bağlı erkən xəbərdarlıq sisteminə keçir

Azərbaycan 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür. Təşkilat 2030-cu ilədək üzv ölkələr qarşısında erkən xəbərdarlıq sisteminin quraşdırılmasını tələb kimi qoyub. Bu yöndə Milli Hidrometeorologiya Xidmətində işlər aparılır.
“Bu sistem quraşdırılan zaman əhali, onların əmlakı və eyni zamanda iqtisadiyyatın müxtəlif sahələri təhlükəli hidrometeoroloji amillərdən qorunacaq, dəyən zərərin minimuma endirilməsi təmin ediləcək. İnsanlar baş verə biləcək təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri barədə əvvəlcədən məlumatlı olacaqlar və tədbirlər görməyə başlayacaqlar. Məlumatlar Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və güc strukturlarına göndəriləcək. Hazırda iqlim dəyişikliyi fonunda təhlükəli hidrometeoroloji hadisələrin başvermə intensivliyi və arealı daha da artıb”, - deyə G.Abbasova məlumat verib.

Qeyd edək ki, Azərbaycanda hidrometeoroloji müşahidələr 1830-cu illərdən başlayıb, ilkin müşahidələr dəniz səviyyəsi üzərində aparılıb. Sonrakı mərhələdə isə meteoroloji müşahidələr aparılmağa başlanılıb. Ardınca bütün ölkəni əhatə edən meteoroloji şəbəkə sistemi qurulub. Son illər hidrometeoroloji şəbəkənin 50%-i tam avtomatlaşdırılıb. Milli Hidrometeorologiya Xidmətində respublikanın 8 iqlim bölgəsi və Xəzər dəniz akvatoriyasının altı rayonu üzrə sutkalıq, 2 sutkalıq və 10 günlük hava proqnozu hazırlanır. Proqnozlar hazırlanan zaman faktiki hava təhlil olunur. Bundan sonra isə müxtəlif proqnoz sistemi mənbələri ilə hava proqnozu hazırlanır. Bunlar meteoroloji radarlar, “Türkmedcap” sistemi, peyk məlumatları və digər mənbələrdir. “Türkmedcap” sistemi ilə yaxın 10 gün ərzində gözlənilən hava şəraiti barədə məlumatlar əldə olunur. Bununla küləyin sürəti, istiqaməti, qarın hündürlüyü, şimşək hadisələri, havanın minimal temperaturu haqqında məlumatları əldə etmək mümkündür. Məlumatlar real vaxtda Situasiya Mərkəzinə ötürülərək emal prosesinə göndərilir.

Şəbnəm Qurbanova
Şəbnəm Qurbanova

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanovanın sözlərinə görə, "Turkmedcap" proqnoz sistemi gün ərzində iki dəfə - səhər və axşam saat 10-da yenilənir. Uzun müddətli məlumatların doğruluğuna gəlincə, 80% məlumatlar təsdiqlənir.

Hazırda Azərbaycanda 2 meteoroloji dopler radar sistemi var. Onlardan biri Şamaxıda, digəri isə Göygöldədir. Bu radar sistemləri ABŞ-nin “Baron” şirkətinin istehsalıdır və 250 km-lik radiusda atmosferdə hava müşahidəsi aparır.

Vüsal Mirzəyev
Vüsal Mirzəyev

Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi Vüsal Mirzəyev isə təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün dünya təcrübəsində erkən xəbərdarlıq sistemlərində dopler radarlarından geniş istifadə olunur: "Əhatə etdiyi radiusda radarlarla həm ölkədaxili, həm də ölkəxarici atmosfer prosesləri fasiləsiz olaraq Situasiya Mərkəzində vizuallaşdırılır. Bu məlumatlar xəbərdarlıq və proqnoz kimi istifadə olunur. Radarlar vasitəsilə düşən yağıntının miqdarını, bulud sisteminin şaquli kəsiyini analiz edə bilirik. Radar şəbəkəsinin sayının artırılması üçün işlər görülür. Növbəti mərhələdə isə məlumatların ictimaiyyətə və aidiyyəti orqanlara təqdim edilməsi başlanılır".

Fidan Hacıyeva
Fidan Hacıyeva

Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyeva əlavə etdi ki, məlumatlar tələb olunan formatda hazırlanaraq dövlət orqanlarına, lazımi təşkilatlara və mediaya çatdırılır. İstehlakçıya dəqiq və operativ şəkildə hidrometeoroloji xidmətin göstərilməsi məqsədilə təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri barəsində xəbərdarlıqları dəqiq və operativ çatdırılmasına görə sinoptiklər məsuliyyət daşıyır. Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunduqda faktiki məlumatlara əsasən icmallar hazırlanır və videoformat şəklində şərh edilir, eləcə də xidmətin sosial platformalarında yayımlanır.

"Report" İnformasiya Agentliyi Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayır.
Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi