Azərbaycan 6 ilə 270 min hektar ərazini bərpa etməyi öz üzərinə öhdəlik götürüb

Azərbaycan 6 ilə 270 min hektar ərazini bərpa etməyi öz üzərinə öhdəlik götürüb Azərbaycan 2030-cu ilə qədər 270 min hektar deqradasiyaya uğramış və meşəsizləşmiş landşaftları bərpa etməyi vəd edərək “Bonn Çağırışı” üzrə öhdəlik götürüb.
Ekologiya
27 Sentyabr , 2024 23:15
Azərbaycan 6 ilə 270 min hektar ərazini bərpa etməyi öz üzərinə öhdəlik götürüb

Azərbaycan 2030-cu ilə qədər 270 min hektar deqradasiyaya uğramış və meşəsizləşmiş landşaftları bərpa etməyi vəd edərək “Bonn Çağırışı” üzrə öhdəlik götürüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev BMT-nin Nyu-Yorkdakı qərargah binasında “Rio Trio Təşəbbüsü: İnteqrasiya edilmiş Ətraf Mühit Fəaliyyəti” (The Rio Trio İnitiative: Integrated Environmental Action) mövzusunda keçirilən yüksək səviyyəli debatda çıxışı zamanı deyib.

Nazir dünyanda mövcud olan iqlim dəyişikliyi ilə mübarizdə Azərbaycanın həyata keçirdiyi işlər barədə qonaqlara məlumat verib. Onun sözlərinə görə, planetin əməkdaşlığa çox ehtiyacı var:

“İqlim dəyişikliyi ilə mübarizə aparan ölkələrə son səfərlərimiz zamanı biz bəzi mənzərələri öz gözlərimizlə gördük. Konqo hövzəsində dəyişən yağışların və artan temperaturun meşələrin qırılmasını sürətləndirdiyini və unikal ekosistemlərə necə təsir etdiyini gördük. Biomüxtəlifliyin bu itkisi yaşayışları meşələrdən asılı olan yerli icmalara təsir edir. Meşələrin yoxsa çıxması oksigen ehtiyatını azaldır və qlobal iqlim dəyişikliyini daha da gücləndirir.

Pakistanda biz ölkənin üçdə birini əhatə edən fəlakətli daşqınların nəticələrini müşahidə etdik. Bu daşqınlar iqlim dəyişikliyi ilə intensivləşərək minlərlə insan itkisinə və iqlim köçkünlərinə səbəb olub. Bu vəziyyət həmçinin kənd təsərrüfatı torpaqlarına uzunmüddətli ziyan vuraraq onsuz da kövrək olan ərazilərdə səhralaşmanı sürətləndirir. COP29 çərçisində həyata keçirilən “Rio Trio Konvensiyası” üzrə əməkdaşlığın gücləndirilməsi insanlara və planetə fayda gətirən konkret nəticələr əldə etmək məqsədi daşıyır”.

Nazir çıxışında Azərbaycanın iqlim dəyişikliyi, su çatışmazlığı və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması və kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəfə Dəniz Mühafizəsi Sahəsinin yaradıldığını bildirib.

M. Babayev əlavə edib ki, təkcə bu il karbon qazının azalmasına, təmiz hava ehtiyatlarının qorunmasına töhfə vermək məqsədi ilə 5 milyon ağac əkilməsi hədəflənib: “Biz maneələri aradan qaldırmalı, innovasiyaları inkişaf etdirməli və hərtərəfli həllər qəbul etməliyik. “Rio Trio Təşəbbüsü” bu istiqamətdə bir addımdır. Çətinliklərin bir-biri ilə əlaqəli olması etirafdır və buna görə də həll yolları da olmalıdır”.

Tədbirdə çıxış edən Bioloji Müxtəliflik və Səhralaşma ilə Mübarizəyə dair konvensiyaların nümayəndələri, digər BMT agentliklərinin, tərəf ölkələrin təmsilçiləri dünyada biomüxtəlifliyin pozulması və səhralaşmaya yol açan problemlər barədə danışıb, yeni təşəbbüsün bu təhdidlərin həlli istiqamətində görə biləcəyi işlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda COP29 Sədrliyi, Bioloji Müxtəliflik Konvensiyası və Səhralaşma ilə Mübarizəyə dair Konvensiyanın iştirakı ilə “Rio Üçlüyü” (Rio Trio) təsis olunub.

Son xəbərlər

Orphus sistemi