"İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb".
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə meşə fondu torpaqlarının hüdudlarının, eləcə də meşələrin növ tərkibinin, yaş qruplarının və ehtiyatlarının müəyyən edilməsi məqsədilə inventarlaşdırma işlərinə zərurət vardır: "Bu günə kimi regiondakı 260 min hektar ümumi meşə fondu sahəsindən yalnız Zəngilan rayonu ərazisində uzaqdan zondlama üsulu ilə cəmi 19 min hektarda meşə quruluşu işləri aparılmışdır. Meşə quruluşu işlərinin yekunlaşdırılması və bu ərazilərdə mühafizə tədbirlərinin, eləcə də idarəetmənin təşkili olduqca əhəmiyyətlidir".
Nazir bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpa edilməsi də prioritetlərdən biridir: "Bunun üçün dövlət təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin müəyyənləşdirilməsi, oradakı təbiət obyektlərinin inventarlaşdırılması və lazımi mühafizə tədbirlərinin görülməsi zəruridir".