Bakı. 1 mart. REPORT.AZ/ Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin respublikanın əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yaradıcılığına həsr edilən “Akif ƏLİ. Söz adamı” adlı yeni kitabı işıq üzü görüb.
"Report"un məlumatına görə, müəllif kitabda Azərbaycan ziyalısının keçdiyi zəngin ömür yoluna nəzər salaraq, onun çoxşaxəli elmi-ədəbi yaradıcılıq fəaliyyətini tədqiq edib və ümumən həyata baxışlarında müşahidə etdiyi orijinallığı kitabın əsas mövzusuna çevirib.
Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açıb, onun elmi-tədqiqat işi olan "Mirzə Ələkbər Sabirin satira sənətkarlığı" monoqrafiyasını sabirşünaslıqda yeni bir söz kimi dəyərləndirib, Sabir satiralarının poetik xüsusiyyətlərinin elmi-nəzəri araşdırmalarına diqqəti yönəldib.
Akif Əlinin 1990-93-cü illərdə ölkənin müstəqilliyi üçün ən ağır dönəmlərdəki qəzetçilik fəaliyyəti, Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, ulu öndər Heydər Əliyevin xalqın xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi titanik zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Xüsusilə Akif Əlinin zəngin illüstrasiyalı “Böyük ömrün anları” kitabından ətraflı bəhs edən müəllif Türk dünyasının iki dahi lideri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Vətən naminə göstərdikləri qəhrəmanlığı, səmərəli və mənalı həyat yolunu işıqlandıran bu dəyərli əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini vurğulayır.
Akif Əlinin “Öncə - Vətəndir”, "Qaragözoyunu", “Vətən mücadiləsi”və "İdrak" kitablarında toplanan çoxsaylı publisistik yazıları, bədii hekayə və esseləri, miniatür nəsr parçaları, aforizm və deyimləri ayrı-ayrı fəsillərdə geniş təhlilə cəlb olunur, onların həm ədəbi-bədii, həm ictimai mahiyyəti açıqlanır. Kitabın maraqlı fəsillərindən biri də sərkərdə Babəkin mübarizəsinə həsr edilən və böyük Azərbaycan qəhrəmanının edam qabağı düşüncələrini əksetdirən "Azman" romanı haqqındadır. Tənqidçi bəşər tarixində misli görünməmiş qəddarlıqla edam edilsə belə, əyilməz ruhu sayəsində ölümsüzlük zirvəsinə ucalan Babəkin qəhrəman obrazını istedadla yaradan yazıçının bu əsərini nəsr sahəsində uğurlu bir addımı kimi qiymətləndirir.
Kitabının ikinci hissəsində tanınmış ziyalının müxtəlif mətbuat səhifələrində dərc olunan, internet saytlarında yer alan çoxsaylı müsahibələrindən seçmələr oxuculara təqdim olunur. Onun ilk gənclik illərində bir sıra filmlərdə yaratdığı maraqlı ekran obrazları xatırlanır, radioda, televiziyada hazırladığı populyar verilişlərdən, müəllif proqramlarından bəhs edilir, pedaqogika, dövlət qulluğu sahələrindəki fəaliyyətinə nəzər salınır, eləcə də həyata baxışları, dünyagörüşü, xarakteri, insanlara, gözəlliyə, sənətə, yaradıcılığa münasibəti dolğunluğu ilə canlandırılır.
“Renessans-A” nəşriyyatı tərəfindən çap edilən kitabın mətni çoxsaylı fotoşəkillərlə müşaiyət olunur.