Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə keçirilən vida mərasimi başa çatıb.
"Report"un xəbərinə görə, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mədəniyyət və Turizm nazirinin I müavini Ədalət Vəliyev, Xalq yazıçısı Anar, dövlət müşaviri Kamal Abdulla, Millət vəkili Nizami Cəfərov və başqaları mərhumun ailə üzvlərinə başsağlığı verib. Vida mərasimini Xalq yazıçısı Anar açıb. O bildirib ki, bu gün biz ən yaxın dostumuzu, Azərbaycan ədəbiyyatı isə böyük şair və insanı itirdi.
Mədəniyyət və Turizm nazirinin I müavini Ədalət Vəliyev çıxışında bildirib ki, Səməd Vurğun ocağı dünən özünün son itkisini verdi: "Bu ocağın son yadigarı Vaqif Səmədoğlu ilə vidalaşırıq. Vaqif Səmədoğlu şeirlərdə, mahnılarda, nəğmələrdə yaşayacaq".
Xalq üçün bu itkinin çox ağır olduğunu deyən Kamal Abdulla bildirib ki, Vaqifin yeri bundan sonra Füzuli demişkən, ağazadələrin yanındadır.
Mərasimin sonunda Xalq yazıçısı Anar mərhuma tərəf dönərək "Əlvida Vaqif" deyərək mərasimi bağlayıb.
Qeyd edək ki, Vaqif Səmədoğlu uzun sürən xəstəlikdən sonra dünən 76 yaşında vəfat edib.