Tbilisidə azərbaycanlı professorla görüş keçirilib

Tbilisidə azərbaycanlı professorla görüş keçirilib Gürcüstanın paytaxtı Tbilisidə Mixeil Saakaşvili adına Prezident Kitabxanasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüş keçirilib.
Ədəbiyyat
6 May , 2019 14:20
Tbilisidə azərbaycanlı professorla görüş keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Mixeil Saakaşvili adına Prezident Kitabxanasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Yeni Avropa Universitetləri Alyansının təşkil etdiyi tədbirdə Gürcüstanın bir neçə ali məktəbinin müəllim və tələbələri, azərbaycanlı ziyalılar və ictimai fəallar iştirak ediblər.

Görüşdə H.İsaxanlının həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində H.İsaxanlının şeirlərindən ibarət olan və gürcü dilinə tərcümə edilmiş “Ömür poeziyası” adlı kitabı da təqdim olunub.

Kitab 2003-cü ildə Tbilisidə işıq üzü görüb. Nəşri gürcü dilinə İmir Məmmədli tərcümə edib.

İ.Məmmədli görüşü təşkil edənlərə minnətdarlıq bildirərək iştirakçılar arasında gənclərin çoxluq təşkil etməsini alqışlayıb. O bildirib ki, H.İsaxanlı eyni zamandan bir neçə sahədə fəaliyyət göstərdiyinə görə bu, onun poeziyasına da təsir edib. İ.Məmmədli “Ömür poeziyası” kitabından bir neçə şeirdən parçalar oxuyub.

Daha sonra çıxış edən H.İsaxanlı tədbirin təşkilinə göstərilən dəstəyə və görüşə qatılanlara təşəkkür edərək ədəbiyyata uşaqlıq illərindən yaranan böyük marağından söz açıb. O, “Ömür poeziyası” kitabının gürcü dilinə yüksək səviyyədə tərcümə olunmasına görə İ.Məmmədliyə minnətdarlığını bildirib.

H.İsaxanlı həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinə də toxunaraq iki ölkə və xalq arasında olduqca yaxın münasibətlərin olduğunu vurğulayıb.

Görüş gürcü tələbələrin “Ömür poeziyası” kitabından şeirlər oxumaları ilə davam etdirilib. Sonda H.İsaxanlı görüş iştirakçılarına avtoqraf paylayıb. 

Son xəbərlər

Orphus sistemi