"Azərkitab" Kitab Mərkəzində detektiv yazıçısı, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Fəxrəddin Qasımoğlunun kriminal detektiv janrında yazdığı "Son Gecə" kitabının təqdimatı keçirilib.
"Report"un məlumatına görə, kitabın məsləhətçisi Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, "Polis" qəzetinin baş redaktoru, polis mayoru Elşad Hacıyevdir.
Əsərin müəllifi çıxışında bildirib ki, əsasən, gənclərə yönəlik olan kitab onların vətənpərvər ruhda təlim-tərbiyəsi, cinayətklarlıqla, narkomaniya ilə mübarizə ilə bağlı məsələlərdə öz töhfəsini verəcək.
27 il polis orqanlarında xidmət etmiş F.Qasımoğlu bildirib ki, kitabdakı hadisələr öz təxəyyülünün məhsuludur və real hadisələrlə heç bir əlaqəsi yoxdur.
Əsərdə mütəmadi olaraq cinayət aləminin sonu qaranlığa aparan yol olduğuna dair misallar çəkilir: "Polis danışmır, danışa bilmir. Çünki hər bir hadisənin arxasında onlarla insan taleyi var. Ona görə də polisi başa düşmək çətindir. Bu əsər qəhrəmanın öz dilindən yazılıb. Qəhrəman isə 18 il polis fəaliyyəti ilə məşğul olan, sonradan isə detektivlik fəaliyyəti ilə məşğul olan bir şəxsdir. Əsərin əsas qayəsində duran məsələlərdən biri də polis peşəsinin çətin və şərəfli iş olduğudur".
E.Hacıyev isə vurğulayıb ki, kitab gənc nəslin təlim-tərbiyəsində müsbət rol oynayacaq bir əsərdir: "Əsər cinayətkarların iç üzünü açır, insanların alın tərini oğurlayanların mahiyyətini ortaya qoyur. Kitab həm də polisi anlamayanlara, Azərbaycan polisini ləkələmək istəyənlərə bir cavabdır. Polisin, daxili işlər orqanlarının əsas vəzifələrindən biri vətəndaş məmnuniyyətinin təmin olunmasıdır".
"Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov deyib ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyır.