Yuxarı

Sektor müdiri: "Sərgi-yarmarkada kitabların qiyməti xeyli ucuz olacaq"

Sentyabrın 16-da IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılacaq. 

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş sektorunun şöbə müdiri Vaqif Bəhmənli bununla əlaqədar Bakı İdman Sarayında mətbuat konfransı keçirib. 

O qeyd edib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil edilib: "Azərbaycan xalqı kitabı sevir və kitab sərgisinin keçirilməsi kitaba qayğının təzahürüdür. Sərgi-yarmarkada kitabların qiyməti xeyli ucuz olacaq". 

Sərgidə 30 xarici, 100 milli təşkilat iştirak edəcək. Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkanın saat 16:00-da rəsmi açılışı keçiriləcək. Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nazirliyin rəsmi nümayəndələri iştirak edəcək.

Sentyabrın 18-nə kimi davam edəcək tədbirdə iştirakçılar və ziyarətçilər üçün hərtərəfli şərait yaradılacaq. Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə milli kitabxanalarının saziş imzalama mərasimləri, musiqili təqdimatlar, ALİSA proqramının nümayişi nəzərdə tutulub.

Növbəti sərgi də yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artırılması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açacaq.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi ilin sonunadək Frankfurt və İstanbulda keçiriləcək kitab sərgisində də iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi