Bakı. 16 may. REPORT.AZ/ "Qafqaz Nəşriyyat evi” və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşəbbüsü ilə təşkil olunan I "Müasir nağıllar” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.
"Report" xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyində keçirilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaq ədəbiyyatının təbliği, həmçinin qələm adamlarının diqqətini sözügedən ədəbi sahəyə yönəltməkdir.
Müsabiqənin nəticələrinə görə, 1-ci və 2-ci yerlər təyin olunmayıb. Cəmi bir nağıl 3-cü yerə layiq görülüb. Digər iştirakçılar həvəsləndirici yerlə kifayətlənməli olublar.
Daha sonra qaliblər mükafat və diplomlarla təltif edilib. Vüqar Haqverdiyevin "Sehrli tütək” nağılı 3-cü yerə, Aləmzar Əlizadə, Aynur Nuru, Müqəddəs Şahbazov, Təranə Vahid, Aygün Bünyadzadə, Mehriban Bünyadzadə, Elnurə Ağazadə, Nərmin Həsənovanın nağlı həvəsləndirici yerlərə layiq görülüblər.
5 ay davam edən müsabiqədə üçüncü yerin qalibinə 200 AZN, həvəsləndirici yerlərin hər birinə isə 100 AZN mükafat verilib. Müsabiqədə yer tutan əsərlər kitab şəklində çap olunacaq.
Qaliblərlə yanaşı, münsiflər heyəti də müvafiq diplomlarla təltif edilib.
Qeyd edək ki, iyun ayında II "Müasir Nağıllar müsabiqəsi"nə start veriləcək.