“Gəzən kitabxana III” layihəsinə start verilir

“Gəzən kitabxana III” layihəsinə start verilir Layihənin yola salınmasını gənclər və idman naziri Azad Rəhimov həyata keçirəcək
Ədəbiyyat
8 Oktyabr , 2016 12:21
“Gəzən kitabxana III” layihəsinə start verilir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” çərşivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərçivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verir.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, oktyabrın 10-u saat 11.00-da Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürəcək layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş “Gəzən kitabxana” layihəsi 2013-2014-cü illər ərzində uğurla reallaşdırılıb, minlərlə oxucu kütləsini əhatə edib.

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.

Artıq bu gündən etibarən ilin sonuna qədər “Gəzən kitabxana”nın zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə Gəncə şəhərinə və Şəmkir rayonuna səfəri nəzərdə tutulur.

“Gəzən kitabxana III” layihəsinin yola salınmasını gənclər və idman naziri Azad Rəhimov həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi